DÜNYA
İtaliyada qış fəslində enerjiyə qənaət üçün tədbirlər planı qəbul olunub
Roma, 8 oktyabr, AZƏRTAC
İtaliyada hökumət qış fəslində enerjiyə qənaət etmək məqsədilə təbii qazdan əldə olunan istilik istehlakını tənzimləyən qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani 2022-2023-cü illərin qışında enerjiyə qənaət üçün təbii qazdan əldə olunan istiliyə regionlar üzrə vaxt məhdudiyyətlərinin tətbiq edilməsini nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən, havanın temperaturu nəzərə alınaraq, ölkə cənubdan şimala doğru 6 iqlim qurşağına bölünüb, qızdırıcı cihazların açılacağı tarixlər və gündəlik iş saatları müəyyən olunub. Belə ki, cənubda qızdırıcı cihazlar dekabrın 8-dən martın 7-dək qoşulacaq və gündə 5 saat işləyəcək. Ölkənin ən soyuq bölgəsi olan şimal regionlarında istilik üçün heç bir müddət və vaxt məhdudiyyəti qoyulmayıb. Paytaxt Roma şəhəri və ətrafındakı bölgələrə isə istilik noyabrın 8-dən aprelin 7-dək veriləcək.
Bundan başqa, ölkə üzrə qızdırıcı cihazlardan istifadə müddəti ümumilikdə 15 gün azaldılacaq. İstiliyin verilməsi isə əvvəlki illərlə müqayisədə bir həftə gec olacaq və bir həftə tez dayandırılacaq. Həmçinin evlər və binalar maksimum 19, müəssisə və sənaye obyektləri isə maksimum 17 dərəcədə qızdırılacaq. Xəstəxanalar, körpələr evi, üzgüçülük hovuzları və bəzi sənaye obyektləri üçün istisnalar tətbiq ediləcək.
Hökumətin enerji qənaəti ilə bağlı tədbirlər planı sayəsində daxili bazarda təbii qazdan istifadədə 2,7 milyard kubmetr “mavi yanacağa” qənaət olunacağı bildirilib.
Qeyd edək ki, ölkənin bəzi böyük şəhərlərində elektrik enerjisi istehlakını azaltmaq məqsədilə Milad ərəfəsində dekorativ işıqların müəyyən vaxtlarda yandırılması, gecə saatlarında simvolik abidələr və tarixi binaların işıqlandırılmasının dayandırılması müzakirə olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma