DÜNYA


İtaliyadakı təbii fəlakətlər turizm gəlirlərini azaldır

Venesiya, 23 noyabr, AZƏRTAC 

2019-cu il İtaliya üçün turizm baxımından elə də uğurlu olmayıb və son hadisələr də bu uğursuzluğu davam etdirir.

AZƏRTAC xəbər verir ki, İtaliyanın ən çox turist qəbul edən şəhərlərindən olan Venesiyanı sel basandan sonra bura gələnlərin sayı kəskin azalıb.

Şəhərin meri Luidji Brunyaro açıqlamasında bildirib ki, turistlər şəhərin əsas gəlir mənbəyidir və seldən yaranan fəsadların nəticələri tezliklə aradan qaldırılmasa ciddi problemlər yaranacaq.

Uğursuzluqlar İtaliyanı yaydan bəri təqib edir. Belə ki, ötən yay həddindən artıq isti və quraq keçdiyi üçün şəhərlərdə gəzmək qeyri-mümkün olub. Şəhər bələdiyyələri turistlərə küçələrdə pulsuz su paylasa da, bu vəziyyəti dəyişə bilməmişdi. İtaliya turizmi yalnız çimərlik ərazilərində yüksək səviyyədə qalmışdı.

Hazırda ölkənin qış turizmi sahəsində ixtisaslaşmış ərazilərində də uyğun şərait yoxdur. Havalar isti keçdiyi üçün süni qar aparatları belə çatdıra bilmir.

Dünya Turizm Təşkilatının rəsmi məlumatına əsasən, İtaliyaya ötən il 62 milyon turist gəlib. Bununla ölkə turist sayına görə Fransa, İspaniya, ABŞ və Çindən sonra 5-ci yeri tutub. Qonaq sayının azalması isə İtaliya iqtisadiyyatına ciddi zərbə vuracaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Venesiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.