MƏDƏNİYYƏT
İtaliyanın turizm xəbərləri jurnalında ölkəmiz haqqında yazı dərc olunub
Roma, 28 yanvar, AZƏRTAC
İtaliyanın turizm xəbərləri jurnalı olan “Latitudes”də ölkəmizin turizmi və turizm bələdçiləri haqqında məlumatların yer aldığı “Azərbaycan” bələdçi-kitabı barədə yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Polaris” nəşriyyatında işıq üzü görən, müəllifləri məşhur fotojurnalist Françesko Neri və jurnalist Djuzi Palumbo olan bələdçi-kitabı ölkəmizin ən gözəl guşələrini həm yazılı, həm də fotolarla əks etdirir: “Azərbaycan bizi öz köklərimizə qaytarır, içində qorunması lazım olan bir miras, açılması gərəkən çox sirlər var. Qalan hər şey coğrafiyadan asılıdır, buna görə də Azərbaycanın ziddiyyətlər ölkəsi olması təəccüblü deyil: yarımsəhralar və futuristik göydələnlər, ucqar kəndlər və müasir şəhərlər, ipək örtüklər və yüksək topuqlar, qədim xalq ənənələri və yeni təcrübələr. Və burada odun qorunması aliliyi hökm sürür, əbəs yerə bura odlar yurdu demirlər”, - yazıda belə deyilir.
Daha sonra məqalədə görməli-gəzməli məkanlar barədə məlumat verilir. Yazıda İpək yolu ölkələrindən biri olan Azərbaycanın hər daşında böyük bir tarixin olduğu da vurğulanır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma