MƏDƏNİYYƏT
İvonna Kezbere: Hərtərəfli əlaqələrimizin inkişafı əməkdaşlığımıza münbit şərait yaradır
Bakı, 24 noyabr, Flora Şükürova, AZƏRTAC
Azərbaycan ilə Latviya arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələr mövcuddur. Ölkələrimiz arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün münbit şərait var. Parlament, eləcə də yerli idarəetmə orqanları arasında əlaqələrin yaradılması turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın “Spare” turizm agentliyinin təsisçisi İvonna Kezbere deyib.
İldən-ilə Azərbaycandan Latviyaya gedən turistlərin sayının artdığını söyləyən İ.Kezbere rəhbəri olduğu qurumun ölkəmizin turizm sahəsində çalışan agentlikləri ilə əməkdaşlığının yeni məcrada inkişaf etdirilməsinə hazır olduğunu diqqətə çatdırıb. İ.Kezbere turizm, tibb, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin önəmini qeyd edərək deyib: “İki ölkə arasında əlaqələrin inkişafına töhfə vermək məqsədilə hər il turizm şirkətlərinin nümayəndələri üçün infotur təşkil edirik. Azərbaycan ilə artıq 15 ildir ki, işləyirik. Biz turistləri yalnız Latviyanı deyil, bütövlükdə Baltikyanı ölkələri görməyə dəvət edirik. Baltikyanı ərazilərə səfər edən turistlər bu əsrarəngiz məkana yenidən qayıtmaq istəyirlər”.
İ.Kezbere Latviyanın müasir klinikalarından danışaraq bildirib ki, bu klinikalarda ən müasir texnologiyalar tətbiq edilir, sonsuzluğun, venaların, habelə onurğa və onkoloji xəstəliklərin maksimum səmərəli müalicəsi, gözün protezləşdirilməsi təklif olunur. “Baltik dənizi sahillərində yerləşən Latviya Avropanın ən “yaşıl” ölkələrindən biridir. Rusiyadan, Skandinaviya və Qərbi Avropa ölkələrindən minlərlə adam sağlamlıq durumunu yaxşılaşdırmaq və gözəlliyinin qayğısına qalmaq üçün hər il Latviyaya gəlir. Biz Azərbaycandan olan xəstələrə fərdi yanaşma təklif edirik”, - deyə İ.Kezbere qeyd edib.
Turizm agentliyinin təsisçisi ölkəmizdə mövcud olan quruculuq-abadlıq işlərindən danışıb, dövlətimizin hərtərəfli inkişafını yüksək qiymətləndirib.