CƏMİYYƏT
İxtisaslaşdırılmış kurslar seçkilərin şəffaf və demokratik keçirilməsinə kömək edir
Bakı, 21 fevral, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının tərtib etdiyi tədbirlər cədvəlinə uyğun olaraq fevralın 19-21-də 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kurslarda prezident seçkilərində səsvermə ilə əlaqədar görülən və görüləcək işlər barədə ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na müvafiq olaraq keçirilən kurslarda dairə seçki komissiyalarının üzvləri, katibləri, məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər. Kurslarda MSK-nın və dairə seçki komissiyalarının üzvləri, rayon icra hakimiyyətinin, rayonun məhkəmə, polis və prokurorluq orqanlarının əməkdaşları seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılmasına, bildirişlərin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələrinə, onların fəaliyyətlərinin qarşılıqlı təşkilinə, seçki prosesində KİV-lərin roluna, müşahidəçilərin hüquq və vəzifələrinə, seçici siyahılarının təkmilləşdirilməsinə və Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlara verilən seçki hüquqlarına dair çıxışlar ediblər.
Kursların sonuncu günündə 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Qoşqar Məmmədov üç gün ərzində faydalı izahat işlərinin aparıldığını vurğulayıb. Bildirilib ki, 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində 33 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 319 seçici var. Zəruri avadanlıqla təchiz edilən məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsverməyə beş gün qalmış isə zərurət olarsa, 3 müvəqqəti seçki məntəqəsinin yaradılması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov çıxışında seçki prosesində beynəlxalq və yerli müşahidəçilərin, kütləvi informasiya vasitələrinin rolu barədə ətraflı məlumat verib. O, ölkəmizin ictimai-siyasi həyatında ən mühüm tədbir olan prezident seçkilərinin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və dövlətin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun keçirilməsinin önəmini vurğulayıb, bunun üçün hər cür şəraitin olduğunu qeyd edib.
Nərimanov rayon prokurorunun böyük köməkçisi Ramin Şirəliyev seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə məlumat verib. Bildirib ki, seçkinin keçirilməsi prosesində qanuniliyin təmin edilməsində prokurorluq orqanlarının üzərinə müəyyən vəzifələr düşür. Ölkədə ictimai-siyasi sabitlik və demokratik prinsiplərə əsaslanan mükəmməl seçki qanunvericiliyi var.
Çıxış edənlər seçki ilə bağlı komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasının vacibliyindən söz açıblar. Bildirilib ki, qanunvericiliyə əsasən səsvermə günü məntəqələrdə görülən işin, bu prosesin nəticələrinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılacaq.