İQTİSADİYYAT
İyulun ilk hərracına 105 dövlət əmlakı çıxarılıb
Bakı, 4 iyun, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 3-də keçiriləcək hərraca 105 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyət, 6 kiçik dövlət müəssisə və obyekti, 78 qeyri-yaşayış sahəsi aiddir.
Komitədən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mövcud mühit xarici və yerli investorların prosesə cəlb olunması ilə nəticələnir. Bu sahədə ƏMDK-nın fəaliyyəti özəlləşdirmənin müasir mərhələsində məkan məfhumunu aradan qaldırıb. Bu isə elektron hərrac sisteminin tətbiqi nəticəsində baş verib.
Özəlləşdirmə hərracında müraciət və sifariş prosesinin elektron müstəviyə keçirilməsi, bu sahədə operativliyi və funksionallığı artırır. Eyni zamanda, istər hərrac iştirakçıları, istərsə də adi şəxslər hərrac prosesini onlayn olaraq canlı formada izləyə bilər. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla bərabər, Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum-Çınqıl”dır. Bundan başqa “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətlər də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.
Kiçik dövlət müəssisə və obyektləri də müxtəlif biznes sahələrdə ixtisaslaşmağa imkan verir. Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakının müxtəlif rayonlarında yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 11.2 kvadratmetr ilə 446.8 kvadratmetr arasında dəyişir. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Səbail rayonunda yerləşən dövlət əmlakını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə və ya ticarət sahəsində yaxşı qazanc deməkdir.
Qeyd edək ki, hərrac barədə məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə aparılır.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Belə ki, əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar Özəlləşdirmə portalı və komitənin internet saytında yerləşdirilir. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Komitə tərəfindən növbəti hərrac isə iyunun 5-də keçiriləcək. Bu hərraca 190 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyət, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.