CƏMİYYƏT
İyunun 1-də Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Ağdamda uşaqlara tibbi xidmət göstərəcək
Bakı, 31 may, AZƏRTAC
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Ağdam rayonunun Dördyol qəsəbəsində uşaqlar üçün tibbi aksiya keçiriləcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Ağdamda uşaqlara tibbi xidmət göstərəcək. “Görmə 2020” proqramı çərçivəsində Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası paytaxtda, respublikanın şəhər və rayonlarında mütəmadi aksiyalar keçirir. Aksiyaların keçirilməsində məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarətdir.
Dünyada 1.5 milyon kor, 5 milyon zəif görən uşaq yaşayır. Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1.5-2 milyon arasındadır. Dünyadakı korluğun içərisində uşaqçağı korluğu iki faiz təşkil edir. Dünyadakı zəif görənlərin 4-12 faizi uşaqlardır.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Klinika təşkil edib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, ötən ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.