CƏMİYYƏT
İyunun 26-da paytaxtda 39°, bəzi bölgələrdə isə 43-44° isti olacaq
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, Bakıda gecə 24-26°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacaq.
İyunun 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Açıq havada olarkən kölgəli yerlərdən istifadə etmək məsləhətdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 37-42°, bəzi yerlərdə 44° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 29-34° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41°, bəzi yerlərdə 43-44° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 33-38° isti, dağlarda gecə 20-23°, gündüz 29-34° isti olacağı gözlənilir.