REGİONLAR
JURNALİSTLƏRİN TERROR AKTLARINI İŞIQLANDIRMASINA QADAĞA QOYULMAYACAQ
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, Dövlət Dumasının İnformasiya siyasəti komitəsi kütləvi informasiya vasitələrinin terror aktlarını terror əleyhinə əməliyyatlar başa çatanadək işıqlandırmasına qadağa qoyan qanun layihəsinin ləğv olumasını tövsiyə etmişdir.
Qanun layihəsinin müəllifi Aleksandr Krutov (“Rodina” Partiyası) vurğulamışdır ki, onun təklif etdiyi məhdudiyyətlər qəzetlərə, habelə televiziyaya nisbətən auditoriyası kiçik olan İnternetə aid deyildir. Bir də ki, İnterneti söndürmək asandır. Krutova etiraz edən komitə sədrinin müavini Konstantin Vetrovun (RLDP) fikrincə, faktik olaraq, söhbət KİV-lərə senzuradan gedir. Çünki jurnalistlərin faciə yerində fəaliyyətinə qoyulan qadağanı bir ilə, hətta beş ilədək uzatmaq olar. Komitənin sədri Valeri Komissarovun sözlərinə görə, Krutovun qanun layihəsi Konstitusiyaya ziddir, “həqiqətin gizlədilməsi şokdan betərdir”.
Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin, demək olar, bütün üzvləri A.Krutovun təşəbbüsünün əleyhinə çıxmışlar.