SİYASƏT
Jan-İv Lö Drian: Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur
Bakı, 27 may, AZƏRTAC
Uzun müddət idi ki, Fransanın xarici işlər naziri Azərbaycana səfərə gəlmirdi. Mənim bu səfərim Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsinə təsadüf etdiyi üçün əlamətdardır. Bu il Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərləri gözlənilir. Bu da iki ölkə arasındakı əlaqələrin nə dərəcədə yüksək olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Jan-İv Lö Drian qeyd edib ki, Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur. İqtisadiyyatın bir çox sahələrində yaxşı perspektivlər var. Bir çox sahələrdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində danışıqlar aparılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da danışıqlar davam etdirilir. Mövcud status-kvo münaqişənin həll variantı hesab edilə bilməz.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu günlərdə AXC-nin 100 illiyi qeyd ediləcək. AXC-nin Fransaya göndərdiyi bir çox tələbələr bu ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alıblar. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. Bu şirkətlər arasında TOTAL-ı xüsusi qeyd etmək istərdim.
Elmar Məmmədyarov fransalı nazirlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin də müzakirə edildiyini diqqətə çatdırdı.