DÜNYA
Jan-Klod Yunker: “sərt Brexit ssenarisi” ciddi çətinliklərə səbəb ola bilər
Bakı, 2 oktyabr, AZƏRTAC
Avropa İttifaqı əvvəlki kimi Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması məsələsi üzrə hər iki tərəfə sərf edən saziş imzalayacağına ümid edir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker oktyabrın 2-də Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında çıxış edərkən deyib. “Biz sazişin imzalanmasını istəyirik. Sazişin olmamasının daha yaxşı olacağını düşünənlər, belə ssenarinin hansı çətinliklər yaradacağını təsəvvür etmirlər”, - deyə Yunker bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması şərtlərinə dair Londonla Brüssel arasında rəsmi danışıqlar 2017-ci il iyunun 19-dan başlayıb. Bundan bir il öncə isə Birləşmiş Krallıqda Brexit məsələsi üzrə referendumda 51,9 faizin 48,1 faizə nisbətində avrointeqrasiya əleyhdarları üstünlük qazanıb.
Brexit formal olaraq 2019-cu il martın 29-da başa çatmalıdır. Bundan sonra keçid dövrü başlayacaq. Bu dövr 2020-ci ilin axırınadək davam edəcək.
Böyük Britaniyanın Baş naziri Tereza Mey Aİ-nin Birləşmiş Krallığın təkliflərini qəbul etməməsi səbəbindən noyabr ayında başa çatdırılması planlaşdırılan müzakirələrin dalana dirəndiyini bildirib.