SİYASƏT
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
Vaşinqton, 19 noyabr, AZƏRTAC
Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayevin məqaləsi dərc edilib. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışına həsr edilmiş məqalədə müəllif yazır ki, noyabrın 15-də abidənin açılış mərasimində Azərbaycan hökumətinin və respublika ictimaiyyətinin, müxtəlif icma və təşkilatların nümayəndələri, o cümlədən Simon Vizental Mərkəzinin əməkdaşı, ravvin Avraam Kuper, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının rəhbəri və Xristian Liderlər Konqresinin prezidenti Conni Mur, İsrailin baş fəxri sefard ravvini Şvomo Amar, Avropa, ABŞ və Latın Amerikasından olan bir neçə ravvin, habelə Amerikanın qərb ştatlarından olan senatorlar iştirak ediblər.
Müəllif daha sonra Milli Qəhrəmanın həyatı barədə yazır. Yevdayev qeyd edir ki, əhalisinin 95 faizi müsəlmanlar olan, eyni zamanda, yəhudi icmasının inkişaf etdiyi Azərbaycanda Albert milli qürur rəmzidir. 1991-ci ildə SSRİ dağılandan sonra Albertin hərbi xidmətdən imtina etməyə və ya Azərbaycanı tərk etməyə tam hüququ vardı. Buna baxmayaraq, o, Ermənistanın Azərbaycan ərazisinə soxulduğu bir vaxtda könüllü olaraq Azərbaycan Ordusu sıralarına daxil oldu. Albert çox bacarıqlı tankçı idi. O, öz bilik və vərdişləri sayəsində bir gün ərzində ermənilərin 9 tankını və iki zirehli yük maşınını sıradan çıxara bilmişdi.
Albert Şuşada qətlə yetirilib. Son damla qanına qədər bu şəhəri müdafiə edən Aqarunov yaralı əsgər yoldaşlarını xilas etmək üçün öz tankından çıxan anda erməni snayperi onu nişan aldı. 1992-ci il mayın 8-də dünya yəhudiləri, Azərbaycan və bu ölkəni sevən hər kəs əsl qəhrəmanı itirdi. Albertin cəmi 23 yaşı vardı.
Bu abidə Albert Aqarunovun xatirəsinə ehtiramın ilk nümunəsi deyil. Albertin uşaqlıq illərinin keçdiyi evin divarında xatirə lövhəsi vurulub, vaxtilə təhsil aldığı məktəbə onun adı verilib. Albert Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Keçən il Bakının ən gözəl küçələrindən birinə onun adı verilib. 1992-ci ilin iyun ayında Albert hərbi xidmətə görə ali mükafata – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Melih Yevdayev məqaləsinin sonunda yazır ki, Albert Aqarunov Azərbaycan və yəhudi xalqları arasında, bütövlükdə müsəlmanlarla yəhudilər arasında qardaşlıq və dostluq rəmzidir.
Yusif Babanlı
AZƏRTAC–ın xüsusi müxbiri
Vaşinqton