ELM VƏ TƏHSİL
Jurnalistika ixtisasını seçən abituriyentlər bu gün qabiliyyət imtahanı verirlər
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 29-da 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə 2017- ci ilin iyulun 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
Bakıda və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunan imtahan saat 11.00-da başlanıb və 2 saat 30 dəqiqə davam edəcək. Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 411 abituriyent qeydiyyatdan keçib. Onlardan 124 nəfərini oğlanlar, 287 nəfərini isə qızlar təşkil edir. Abituriyentlərdən 372-si Azərbaycan, 39-u isə rus bölməsi üzrə imtahan verir.