REGİONLAR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ŞAMAXIDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 15-də Kənd Təsərrüfatı Nazirliyi Şamaxıda “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarı ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş zona seminar-müşavirəsi keçirmişdir.
Seminar-müşavirədə Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarında bu məqsədlə yaradılmaış komissiyaların sədrləri və üzvləri, bitki-mühafizə stansiyalarının rəisləri və toxumçuluq müfəttişləri, bələdiyyə sədrləri, özəl toxumçuluq təsərrüfatlarının rəhbərləri, Qobustan rayonundakı Bölgə Təcrübə Stansiyasının və M.Hüseynzadə adına Dövlət Toxumçuluq Təsərrüfatının məsul işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmış, respublika kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev dövlətin aqrar siyasəti, bu sahədə həyata keçirilən islahatların nəticələri barədə ətraflı danışmışdır. Qeyd olunmuşdur ki, son illər özəl, eləcə də dövlət toxumçuluq təsərrüfatlarının şəbəkəsi xeyli genişlənmiş, onlar respublikanın keyfiyyətli toxum və tinglə təminatı sahəsində müəyyən işlər görmüşlər. Bu sahəyə dövlət qayğısı getdikcə öz müsbət nəticələrini verməkdədir. Vurğulanmışdır ki, “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı məhz bu qayğının təzahürüdür.
Şamaxı Ərazi kənd Təsərrüfatı İdarəsinin rəisi Nadir Qədirov subsidiyaların verilməsi ilə əlaqədar rayonlarda yaradılmış komissiyaların fəaliyyəti, habelə qarşıda duran vəzifələr barədə danışmışdır. N.Qədirov sənədlərin tərtibatı, o cümlədən toxumçuluq təsərrüfatlarında toxum və tinglərin keyfiyyəti, laboratoriya müayinəsi, rayonlaşdırılması və digər zəruri məsələlərin hazırlanması qaydaları barədə iştirakçılara məlumat vermişdir. Bir daha xatırlatmışdır ki, büdcədən təmənnasız göstəriləcək bu yardım dövlət qeydiyyatından keçmiş dövlət, habelə özəl təsərrüfatlarda istesal edilib satılacaq 1-ci və 2-ci repreduksiyalı toxum və tinglərə görə veriləcəkdir. Hər kiloqram 1-ci reproduksiyalı toxuma görə 10 qəpik, 2-ci reproduksiyalı toxuma isə 7 qəpik ödəniləcəkdir.
Seminar-müşavirədə rayon komissiyalarının sədrləri görülmüş işlər barədə məlumat vermiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.