REGİONLAR
KƏND TƏSƏRRÜFATI TEXNİKASI ALINMASI ÜÇÜN AÇIQ TENDER KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müvafiq nazirliklərin nümayəndələrinin daxil olduğu tender komissiyasının bu məqsədlə keçirilən iclasını komissiyanın sədri Xalid Kərimov açmış və iddiaçıları- “Azaqromaş” məhdud məsuliyyətli cəmiyyətin (Azərbaycan), “Rostselmaş”, “Traktoreksport” açıq səhmdar cəmiyyətlərinin (Rusiya Federasiyası), “Claas” (Almaniya), “Sampo” (Finlandiya), “Önallar” (Türkiyə) firmalarının, Xarkov traktor zavodunun (Ukrayna), AQKO (İngiltərə), “Tomen” (Yaponiya) şirkətlərinin nümayəndələrini salamlamışdır. O qeyd etmişdir ki, 3 lot üzrə keçirilən tenderdən məqsəd 60 ədəd taxılyığan kombayn, 60 ədəd təkərli traktor və traktora qoşulan kənd təsərrüfatı maşınlarının alınmasıdır.
Tender komissiyasının üzvü, əlaqələndirici Aydın Əzizov iddiaçıların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdikləri təklifləri açıqlamışdır.
Qaliblər, təkliflər tender komissiyasında müzakirə olunduqdan sonra müəyyənləşdiriləcəkdir. Komissiya sədrinin sözlərinə görə, qiymətləndirilmə zamanı aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, oxşar işlərdə və texniki xidmət sahəsində təcrübə, iddiaçının potensial maliyyə və texniki vəziyyəti kimi meyarlara üstünlük veriləcəkdir.