SİYASƏT
“KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİ HAQQINDA” QANUN LAYİHƏSİ PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Komissiyanın sədri, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov demişdir ki, dövlətimizin başçısı tərəfindən parlamentə daxil olmuş bu qanun layihəsi milli təhlükəsizliyimizlə bağlı konsepsiyanın tərkib hissələrindən biridir. Bu sənəd kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqinə hüquqi təminat sistemini müəyyən edir.
Altı fəsildən və 22 maddədən ibarət olan bu layihə hazırlanarkən Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin təcrübəsindən istifadə olunmuşdur.
Sənəddə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bərabər bu işin subyektləri, onların səlahiyyətləri və əlaqələri, habelə digər müddəalar öz əksini tapmışdır. Deputatlar və dəvət olunmuş şəxslərin fikirləri dinlənildikdən sonra layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.