İQTİSADİYYAT


KİV: “OPEC+”un qeyri-rəsmi görüşünün vaxtı dəyişib

Bakı, 28 noyabr, AZƏRTAC

“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) bu gün keçirilməsi gözlənilən videokonfrans formatında qeyri-rəsmi iclasının vaxtı dəyişib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, OPEC-ə yaxın mənbələr toplantının noyabrın 29-da keçirilməsinin nəzərdə tutulduğunu bildiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak noyabrın 28-də videokonfrans formatında “OPEC+”un qeyri-rəsmi görüşünün keçirilməsinə çağırış edib və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasını tələb ediblər. Əvvəlcədən planlaşdırılmayan bu görüş “OPEC+”un neft hasilatına dair məhdudiyyətləri təxirə salıb-salmayacağı barədə qərar verəcəyi JMMC-nin gündəlikdə olan iclasından əvvəl baş tutacaq.

Ekspertlər neft tələbatına dair qeyri-müəyyənlik səbəbindən “OPEC+”un tədarük həcmlərini daha bir neçə ay cari səviyyələrdə saxlayacağını gözləyirlər. Lakin bu istiqamətdə qərarın verilməsi real görünmür. Çünki bu vəziyyət İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) qane etmir.

Xatırladaq ki, JMMC noyabrın 17-də keçirdiyi iclasda yanvar ayında istehsal artımının təxirə salınması ilə bağlı hər hansı bir tövsiyə bildirməyib. Tövsiyələrin dekabrın 1-də videokonfransla keçirilməsi planlaşdırılan OPEC və qeyri-OPEC nazirlərinin 12-ci toplantısında təqdim edilməsi gözlənilir.

“OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin iclasında əsas müzakirə mövzusu olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.