ORDU
KİV nümayəndələrinin Azərbaycan Ordusunun mühəndis texnikası ilə tanışlığı məqsədilə media-tur təşkil edilib VİDEO
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. Bu məqsədlə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlığı Azərbaycan Ordusunun arsenalına qəbul olunur.
AZƏRTAC xəbər verir ki, azad edilmiş ərazilərimizin minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində istifadə olunan yeni texnika və avadanlıqla tanışlıq məqsədilə mayın 25-də kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün media-tur təşkil olunub.
Media nümayəndələrinə mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri praktiki nümayiş etdirilib.
Yeni texnika və avadanlığın dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçuların kurslara cəlb olunması barədə media nümayəndələrinə ətraflı məlumat verilib.
Sonda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara müvafiq sertifikatlar təqdim edilib.