İQTİSADİYYAT
KİV nümayəndələrinin iştirak etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim davam edir
Qusar, 26 sentyabr, Elvin Camalov, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim davam edir.
AZƏRTAC xəbər verir ki, Qusar rayonunda keçirilən təlimdə bu gün Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşları - Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev təqdimatlarla çıxış ediblər.
Təlim iştirakçıları "Malların gömrük ərazisinə gətirilməsi və aparılması; nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi", "Yaşıl dəhliz" və digər buraxılış sistemləri", "Ticarətin asanlaşdırılması üzrə gömrük nəzarətində yeniliklər", "Sərnişinlər üçün nəzərdə tutulan "Yaşıl dəhliz" və "Qırmızı dəhliz" buraxılış sistemləri", "Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri; gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operator institutu" mövzularında məlumatlandırılıb.
Günün ikinci yarısında isə təlim iştirakçıları Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postuna səfəri təşkil olunub və media nümayəndələrinə əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanı yaradılıb. Media nümayəndələrinə gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verildikdən sonra onlar idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.
Eyni zamanda, media nümayəndələri Nazirlər Kabinetinin 305 saylı qərarının icrasının tətbiqini müşahidə ediblər.
Xatırladaq ki, sentyabrın 25-də başlayan tədbir ayın 29-dək davam edəcək.