İQTİSADİYYAT
KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs
Bakı, 10 aprel, AZƏRTAC
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüslərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rahat” supermarketlər şəbəkəsi də qoşulub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, “#evdəqal” kampaniyası çərçivəsində KOBİA və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşəbbüsü ilə Bakıda yaşayan 200 aztəminatlı ailəyə gündəlik istehlak mallarının təqdim edilməsinə başlanılıb. Birdəfəlik ərzaq yardımları ailələrə KOBİA-nın əməkdaşları və “KOB könüllüləri” tərəfindən təqdim olunub. "KOB könüllüləri", həmçinin vətəndaşları koronavirus infeksiyası ilə bağlı dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.
Sahibkarların mövcud şəraitdə aztəminatlı ailələrə və tənha ahıl insanlara göstərdiyi dəstək biznes nümayəndələrinin sosial məsuliyyətindən irəli gəlməklə yanaşı, həm də milli həmrəyliyə və xeyriyyəçilik ənənələrinə gözəl nümunədir.