REGİONLAR
KOB Fest sərgi-satış yarmarkası bu dəfə Qubada təşkil olunub VİDEO
Quba, 18 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti KOB Fest sərgi-satış yarmarkası iyunun 18-də Quba rayonunda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər-rayonlardan olan 70-dən çox kiçik sahibkarlıq subyektinin 1000-dən artıq adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri sərgilənir. Eyni zamanda, “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.
Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektlərinin istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir.
Quba rayonunda keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca altıncıdır və saat 20-dək davam edəcək. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil olunub. Bu yarmarkalarda 300-dən çox kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər. Növbəti “KOB Fest”in iyulun 7-də Şəki şəhərində keçirilməsi planlaşdırılır.