SİYASƏT
KOLİN PAUELL BMT-Nİ İRAQA DAİR “AĞIR” QƏRARLAR QƏBUL ETMƏYƏ ÇAĞIRMIŞDIR
ABŞ-ın dövlət katibi Kolin Pauell BMT Təhlükəsizlik Şurasını ləngimədən Bağdad barədə “ağır qərarlar qəbul etməyə çağırmışdır. RİA “Novosti” agentliyindən AZƏRTAC-a daxil olmuş məlumata görə, Pauell iclasda bəyan etmişdir ki, əks-təqdirdə Təhlükəsizlik Şurası “özünün faydasızlığını” nümayiş etdirəcəkdir. ABŞ-ın dövlət katibi demişdir ki, İraq BMT-nin qətnamələrini yerinə yetirmək fikrində deyil, “tonlarla” bakterioloji və kimyəvi silaha malikdir və nüvə silahı yaratmaq proqramını davam etdirir. Pauell ABŞ-ın təşəbbüsü ilə çağırılmış iclasın gedişində kosmik kəşfiyyatın materiallarını, radio danışıqları zamanı əldə olunmuş məlumatları nümayiş etdirmiş və İraqdakı agentlərin dediklərini açıqlamışdır. O, Bağdadı BMT Təhlükəsizlik Şurasının qətnamələrini “yenə də kobud surətdə pozmaqda” və “beynəlxalq müfəttişlərin səmərəli işinə mane olmaq kampaniyası” aparmaqda günahlandırmışdır. Pauellin sözlərinə görə, İraq bu hərəkətləri ilə özünü 1441-ci qətnamədə nəzərdə tutulmuş “ciddi nəticələrlə üzləşmək” təhlükəsi qarşısında qoymuşdur.