SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda “Aztelekom” İstehsalat Birliyinin adından Konstitusiya Məhkəməsinə verilmiş şikayət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 2003-cü il 4 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 23 iyun tarixli məktubu nəzərə alınaraq, konstitusiya işinə cavab verən tərəfin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin nümayəndəsi N.Mustafayevi dinləyərək və işin materiallarını araşdırıb müzakirə edərək Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul etmişdir. Qərarda deyilir ki, Azərbaycan Beynəlxalq Bankının “Aztelekom” İstehsalat Birliyinə və “Poçtbank” Səhmdar-investisiya Bankına qarşı 581a, 661 və 1045 saylı kredit sazişləri üzrə borc vəsaitlərinin tutulması barədə iddia tələbləri hissəsində Azərbaycan Respublikası Ali Məhkəməsi iqtisadi münasibətlərə dair işlər üzrə məhkəmə kollegiyasının 2003-cü il 4 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı və 127-ci maddələrinə, Azərbaycan Respublikasının əvvəlki Mülki Məcəlləsinin 193-cü və 197-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417-ci, 418.1-ci və 416.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. Bu hissədə məhkəmə aktları icra olunmasın və işə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın. Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.