İQTİSADİYYAT
KREDİT QOYULUŞLARININ TƏXMİNƏN 50 FAİZİ TİCARƏTƏ VƏ XİDMƏT SAHƏLƏRİNƏ YÖNƏLDİLMİŞ, HABELƏ FİZİKİ ŞƏXSLƏRƏ VERİLMİŞDİR
Bu il fevralın 1-nə vaxtı ötmüş kreditlər nəzərə alınmadan iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan kreditlərin ümumi həcmi 2800,4 milyard manat olmuşdur.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kreditlərin 21 faizi və ya 588,8 milyard manatı ticarətə və xidmət sahələrinə yönəldilmişdir. Fiziki şəxslərə verilən kreditlərin ümumi məbləği 759,7 milyard manat (27,1 faiz) olmuşdur. Nəqliyyat və rabitənin payına 362,2 milyard manat (12,9 faiz) düşmüşdür.
Energetikaya və təbiəti mühafizə tədbirlərinə 236,4 milyard manat (7,9 faiz), tikinti və əmlak sahəsinə 151,6 milyard manat (5,4 faiz), dövlət idarəçiliyinə 163,4 milyard manat (5,9 faiz), kənd təsərrüfatına 174,8 milyard manat (6,2 faiz) kredit ayrılmışdır. Yüngül və ağır sənayeyə 220,1 milyard manat (7,9 faiz) kredit verilmişdir. Kreditlərin 143,4 milyard manatı (5,1 faiz) digər sahələrə yönəldilmişdir.