SİYASƏT
KRIM TATARLARI 60 İL ƏVVƏL DOĞMA TORPAQLARINDAN DEPORTASİYA EDİLMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dəyirmi masanı institutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev açmış və demişdir ki, 1944-cü il may ayının 18-də SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə bir gün ərzində bütöv bir xalq qatil və hərbi cinayətkar adlandırılaraq doğma vətənindən Mərkəzi Asiyaya və Urala sürgün olundu. Söhbət Krım tatarlarından (türklərindən) gedir. Bu qanlı layihənin təşəbbüskarı Anastas Mikoyan, ideya müəllifi Ermənistanın Arxiyepiskopu Gevork Çörəkçiyan idi. Bu layihə 1937-38-ci illərdə “Daşnaksütyun” beynəlxalq terror təşkilatı tərəfindən hazırlanmışdı və türk mənşəli xalqların Qara dəniz ətrafından və Cənubi Qafqazdan çıxarılmasını nəzərdə tuturdu. Sonralar azərbaycanlıların Qərbi Azərbaycandan qovulması bunu bir daha sübut etdi.
Tarix elmləri namizədi Gülnar Useynovanın “Krım tatarlarının deportasiyası”, Bakı şəhərindəki 15 nömrəli orta məktəbin tarix müəllimi Evelina Tağızadənin “Krım tatarlarının vətənə qayıtmaq uğrunda mübarizəsi”, Bakıdakı Krım tatarlarının “Krım” mədəniyyət cəmiyyətinin sədri Əhmət İbrahimovun “Krım tatarlarının tarixi vətənlərində müasir vəziyyətinin bəzi məsələləri” mövzusunda məruzələri maraqla dinlənilmişdir.
Qeyd olunmuşdur ki, 150 il ərzində çar Rusiyası, sonra isə sovet imperiyası tərəfindən Krım tatarlarına qarşı müstəmləkəçilik siyasəti yeridilmişdir. 1944-cü ildə deportasiya olunan 300 minə yaxın adamın 46 faizdən çoxu yolda və qürbətdə həlak olmuşdur. Beləliklə, Krım tatarlarına qarşı tətbiq olunan deportasiya aktı milli faciə ilə nəticələnmiş, tarixi vətən, var-dövlət, əcdadların, doğmaların qəbirləri itirilmişdir. Bütün bu məşəqqətlərə baxmayaraq, Krım tatarlarının ziyalıları sürgündə belə tarixi torpaqlarına qayıtmaq və dövlətçiliyi bərpa etmək uğrunda mübarizə aparmışlar. 1967-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Krımda yaşamış tatar millətindən olan vətəndaşlar haqqında” Fərmanı formal olaraq onların bərabərhüquqlu olduğunu bəyan etsə də, sovet pasport rejimi onlara öz vətənlərində yaşamağa imkan verməmişdir. Yalnız ötən əsrin 80-ci illərinin sonunda Krım tatarlarının doğma yurda qayıdışı kütləvi xarakter almışdır. Lakin Sovet İttifaqı dağıldıqdan sonra bu proses dayanmışdır. Hazırda Krım tatarlarının bir hissəsi Özbəkistanda və Qazaxıstanda, Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında məskunlaşmışdır. Krıma qayıdanlar isə Ukrayna vətəndaşlığını qəbul etmişlər. Krım tatarlarının muxtariyyəti bərpa olunsa da, o, Ukraynanın tərkibində mövcuddur. Bu gün Krımda 2,5 milyon nəfər əhali yaşayır, onların təqribən 400 min nəfəri tatardır. Krımda ümumxalq tərəfindən seçilmiş Tatar Məclisi fəaliyyət göstərir ki, o da əsasən, humanitar və mədəni məsələlərlə məşğuldur.
Tədbirdə Bakıda Soyqırımı İnstitutunun yaradılması, muzeyi və abidəsinin qoyulması təklifi irəli sürüldü. Qərara alındı ki, İnsan Hüquqları İnstitutunun rəhbərliyi bu təşəbbüslə Azərbaycan Prezidentinə müraciət etsin.