REGİONLAR
“KÜRDƏMİR-PAMBIQ” ASC MƏHSULUN SATINALMA QİYMƏTİNİ ARTIRMIŞDIR
Ötən təsərrüfat ilində “Kürdəmir-pambıq” Səhmdar Cəmiyyəti pambığın hər kiloqramını 1000-1100 manata alırdı. Bu il isə satınalma qiyməti 1300-1400 manata qaldırılıb. Səhmdar cəmiyyətinin sədri Mahir Qəribov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bundan məqsəd pambıqçılıqla məşğul olan fermerlərin və fərdi təsərrüfat sahiblərinin bu gəlirli sahəyə marağını artırmaqdır.
“Kürdəmir pambıq” ASC bu il Kürdəmir və Ağsu rayonlarında 300 nəfərdən çox sahibkarla müqavilə bağlamışdır. Bu, keçən ildəkindən xeyli çoxdur. Əkin üçün onlara əlverişli qiymətə 200 ton yüksək reproduksiyalı toxumluq çiyid verilmişdir. Əkin kampaniyasının aqrotexniki qaydada və optimal müddətdə keçirilməsini təmin etmək məqsədi ilə sahibkarlara əvvəlcədən 500 milyon manat ödənilmişdir.