SİYASƏT
Kamal Cəfərov: Ermənistanın mina xəritələrini verməməkdə məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır VİDEO
Strasburq, 23 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının plenar iclaslarında ermənilərin Qarabağda törətdikləri barbarlıqdan, dağıntılardan danışdıq, müharibədən sonra Qarabağda aparılan yenidənqurma işləri, Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı danışdıq. Mina xəritələrinin verilməməsinin yenidənqurma işlərinə, eləcə də məcburi köçkünlərin qayıtmasına ciddi maneə yaratdığını söylədik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov söyləyib. Deputat bildirib ki, bu gün qarşıdakı ən böyük problem azad edilmiş ərazilərin minalardan təmizlənməsidir.
“Saxlanılan 15 cinayətkar Ağdamda yerləşdirilmiş 97 min minanın xəritəsi ilə mübadilə olundu. Məhz Avropa Şurası Parlament Assambleyasındakı erməni nümayəndələr də daxil olmaqla, ermənilər belə xəritələrin olmadığını bildirirdilər. Mina xəritələrini verməməkdə Ermənistanın məqsədi yenidənqurma işlərinə və məcburi köçkünlərin qayıtmasına maneə olmaqdır”, - deyə K.Cəfərov qeyd edib.
O bildirib ki, iyunun əvvəlində Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalist və bir icra hakimiyyəti nümayəndəsi erməni minasının qurbanı olub. Bu, beynəlxalq hüququn, eləcə də üçtərəfli Bəyanatın kobud şəkildə pozulması, eyni zamanda, müharibə cinayətidir.
“Sessiyada müzakirə olunan mövzulardan biri də media azadlığı, əhalinin məlumatlara əlçatanlığına aid idi. Burada da həlak olan jurnalistlərimizlə bağlı məsələ qaldırıldı. Həmçinin media azadlığı çərçivəsində sosial şəbəkələrdəki azadlıqdan da söz açıldı”, - deyə deputat vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq