SİYASƏT
Kamilə Əliyeva: Xalq-dövlət-ordu birliyinin qarşısında nə Ermənistan, nə də onun havadarları dayana bilməz
Bakı, 30 sentyabr, AZƏRTAC
Vətən müharibəsində qəhrəman oğullarımız Vətən, torpaq uğrunda canlarından keçdilər. Şəhidlərimiz öz canlarını qurban verdilər ki, torpaqlarımız düşmən tapdağı altında qalmasın, Azərbaycan xalqı dünyada məğrur, qalib xalq kimi tanınsın. Biz haqq savaşında Zəfər qazandıq. Torpaqlarımızı işğaldan azad etdik və Azərbaycan xalqı bundan sonra qalib, məğrur xalq kimi əbədi yaşayacaq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında istər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin, dinc sakinlərimizin qisasını düşməndən aldı, onların qanı yerdə qalmadı. Artıq işğaldan azad edilmiş torpaqlarımızı yenidən dirçəldirik. Erməni vəhşiləri tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizi yenidən qururuq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.
K.Əliyeva bildirib ki, Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın xatirəsini xalqımız hər zaman uca tutur. Prezident İlham Əliyev bütün çıxışlarında müharibədə şəhid olmuş hərbçilərimizin xatirəsinin yad edilməsi, onların adlarının əbədiləşdirməli olduğunu vurğulayır. Prezident cənab İlham Əliyevin Vətən müharibəsinin başlandığı gün - 27 Sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam şəhidlərimizə göstərilən böyük ehtiramın nümunəsidir. 2021-ci il sentyabrın 27-də şəhidlərin xatirəsinə həsr olunmuş yürüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid hərbiçimizin və şəhid körpə övladımızın şəkillərini əllərində tutaraq öndə addımladılar. Bu il sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə qaya parçasından ucaldılmış abidəni ziyarət etdilər.
“Azərbaycan Prezidenti abidə önündə çıxış etdi və şəhidlərimizin xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirdi. Qeyd olundu ki, müharibənin ilk günü Qaraxanbəyli və daha 5 kəndimiz işğaldan azad edilib. Füzuli rayonunda ermənilərin çox böyük müdafiə xəttini yarıb keçmək üçün Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq və şücaət göstərdilər. Qəhrəman əsgər və zabitlərimiz ölümə getdilər, ancaq bir addım belə geri çəkilmədilər. Sonda bu istehkamları və ermənilərin canlı qüvvələrini, hərbi texnikaları darmadağın edildi. Azərbaycan Ordusu məhz bu ərazilərdə ilk şəhidini verdi. 44 gün ərzində Azərbaycan əsgəri yorulmadan irəli gedirdi, düşməni məhv edir, düşmənə diz çökdürürdü”, - deyə K.Əliyeva bildirib.
Deputat vurğulayıb ki, igid Azərbaycan əsgəri öz əsgər yoldaşının şəhid olmasından sınmadı, əksinə, daha böyük cəsarətlə düşmən üzərinə yeridi. Hər zaman olduğu kimi, 44 gün ərzində də Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşdi, ordumuza arxa, dayaq oldu.
“Xalq-dövlət-ordu həmrəyliyi sayəsində ədalət zəfər çaldı və Ermənistan üçtərəfli Bəyanatla kapitulyasiya aktına qol çəkdi. Bu birliyin, bu gücün qarşısında nə Ermənistan, nə də onun havadarları dayana bilməz.