SİYASƏT
Kamran Əliyev: Ermənistanın məqsədi siyasi xarakter daşıyır və digər ölkələri bu münaqişəyə cəlb etmək istəyir

Bakı, 5 oktyabr, AZƏRTAC
Ermənistan silahlı birləşmələri hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənistanın məqsədi siyasi xarakter daşıyır və digər ölkələrin bu münaqişəyə cəlb edilməsidir. Eyni zamanda, Qarabağ bölgəsində yaradılmış qondarma rejimin kriminal hərbi-siyasi rəhbərliyinin Qarabağda uğursuzluqlarına bu ölkənin cəmiyyətinin diqqətini yayındırmaqdır. Eləcə də Azərbaycanın dinc əhalisini qorxutmaqla onların yaşadıqları yerləri tərk etməyə vadar etməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 5-də Baş Prokurorluqda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.
Kamran Əliyev qeyd edib ki, Ermənistan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulur. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Baş prokuror əlavə edib ki, mülki əhaliyə qarşı törədilən cinayətlərin hamısı sənədləşdirilir. Hadisə yerindən olan maddi sübutlar götürülür, ziyanın məbləği müəyyənləşdirilir. Bütün sübutlar toplandıqdan sonra beynəlxalq hüquq normalarının bütün imkan vasitələrindən istifadə edilərək Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərinin və digərlərinin Azərbaycan qanunları çərçivəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi addımlar atılacaq.