DÜNYA
Kanada LNG ixracında mövqeyini gücləndirmək istəyir
Bakı, 13 iyul, AZƏRTAC
Kanada inşa edəcəyi mayeləşdirilmiş təbii qaz (LNG) terminalı ilə LNG ixracında mövqeyini gücləndirmək niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, LNG terminal ilə “Montney” yatağında hasil edilən qazın Asiya bazarına ixracı ən qısa yolla həyata keçiriləcək.
“Royal Dutch Shell Plc” və şərikləri “Mitsubishi”, “Petroliam Nasional Bhd.”, “PetroChina Co.” və “Korea Gas Corp.” Kanadanın ən böyük infrastruktur layihəsi olan “LNG Canada”yı həyata keçirəcək. Asiyaya enerji ixracı üçün yol açacaq 30 milyard dollarlıq LNG terminalı qurulacaq. Layihə üzrə son investisiya qərarının bu ilin sonuna qədər qəbul edilməsi gözlənilir.
Limanın inşası başa çatdıqdan sonra Kitimat bölgəsindən 2017-ci ildə olduğu kimi qlobal LNG tədarükünün 10 faizinə bərabər olan ildə 28 milyon ton yükləmə həyata keçiriləcək. Bundan başqa, Şimali Amerika və Asiya arasında LNG tədarükü üçün ən qısa yoldan istifadə ediləcək.
Qeyd edək ki, liman və terminallarının olmaması ilə əlaqədar LNG-ni ucuz qiymətə ABŞ-a satan Kanadanın bu liman üçün əsas qaz mənbəyi Qətərin qaz ehtiyatlarının təxminən yarısı həcmində ehtiyata malik olan “Montney” şist qaz yatağı olacaq.