İQTİSADİYYAT
“Kapital Bank” təqaüdçüləri maarifləndirir
Bakı, 4 oktyabr, AZƏRTAC
“Kapital Bank” 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sosial layihə həyata keçirir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində təqaüdçülər üçün maliyyə savadlılığı tədbirləri keçiriləcək.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, ilk tədbir Bakı şəhərində keçirilib. Tədbirə gələn təqaüdçülər üçün “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS-terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.
Qeyd edək ki, layihə çərçivəsində gələn həftə İsmayıllıda, Gəncədə və Lənkəranda da analoji təlimlərin keçirilməsi planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya bankın müxtəlif sosial şəbəkələrindən əldə etmək olar.