İDMAN
Karateçi Roman Heydərov: Olimpiya Oyunlarında iştirak etmək ən böyük arzumdur
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Tokioda Olimpiya Oyunlarına lisenziya xalı verən Karate 1 Premyer Liqa yarışları start götürəcək. Həmin turnirin kata yarışlarında uğurla çıxış etməyi qarşıya məqsəd qoymuşam.
Bu sözləri Avropa çempionatının üçqat bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Roman Heydərov AZƏRTAC-a açıqlamasında deyib.
“Gənc nəsil karateçilərin bəxti gətirib ki, dünyanın ən mötəbər idman tədbirində - Yay Olimpiya Oyunlarında iştirak edəcəklər. Karate ustaları ilk dəfə Tokio Yay Olimpiya Oyunlarında mübarizə aparacaqlar. Bu şansdan yetərincə yararlanmaq üçün Azərbaycan karateçiləri də öz üzərlərində durmadan çalışırlar”, - deyə idmançı bildirib.
Gənc kata ustası Tokio Premyer Liqasında uğurla çıxış etmək üçün var qüvvəsini toplayacağını vurğulayıb: “Olimpiya Oyunlarında iştirak etmək ən böyük arzumdur. Bu möhtəşəm idman yarışlarına lisenziya əldə etmək üçün bacarığımdan maksimum istifadə etməyə çalışacağam”.
Qeyd edək ki, Karate 1 Premyer Liqa turniri oktyabrın 12-dən 14-dək keçiriləcək.