ELM VƏ TƏHSİL
Karbon qazını yanacağa necə çevirməli?
Bakı, 4 noyabr, AZƏRTAC
Hər il zavod, fabrik və avtomobillərdən ayrılan qazlar planetimizin atmosferini həddən çox çirkləndirir. Zərərli tullantıların təmizlənməsi üçün müxtəlif filtrlərdən istifadə edir, tullantısız istehsalat texnologiyaları axtarıb tapırlar. Yanacağın istehsalı üçün zərərli qazlardan istifadə edilməsi yaxşı olmazdımı?
AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetindən olan alimlər eynilə bu cür düşünürlər. Tədqiqatçılar qrupu məsaməli nikel-orqanik fotokatalizatoru yaratmağa nail olub. Material atmosferdəki karbon qazını yığır və onu hidrogen yanacağı almaq üçün karbonun monooksidinə çevirir. Bundan başqa, reaksiyaların kaskadının işə salınması üçün enerji mənbəyi kimi günəş işığının enerjisindən istifadə olunur.
Tədqiqat müəllifinin sözlərinə görə, işıqla aktivləşdirilən material karbon qazını karbonun monooksidinə çevirməklə qiymətli yanacaq əmələ gətirəcək, həmçinin atmosferdə karbon qazının miqdarını azaltmaqla qlobal istiləşmə ilə mübarizədə kömək göstərəcək.
Alimlərin qənaətinə əsasən, yeni maddə zəhərli qazları hopdurmaq xüsusiyyətinə malikdir və onların yenidən emalına, həmçinin hidrogen yanacağının saxlanılması üçün rezervuar kimi istifadəsinə imkan verir.