İDMAN


Karpov: FIDE prezidenti seçkilərində Dvorkoviç qalib gəlsə, şahmat aləmi sağlamlaşa bilər

Karpov: FIDE prezidenti seçkilərində Dvorkoviç qalib gəlsə, şahmat aləmi sağlamlaşa bilər

Bakı, 18 sentyabr, AZƏRTAC

Rusiya Şahmat Federasiyasının Qəyyumlar Şurasının üzvü Arkadi Dvorkoviçin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti seçilməsi idmanın bu növünün sağlamlaşmasına gətirib çıxara bilər.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, bu fikri şahmat üzrə on ikinci dünya çempionu, Dövlət Dumasının deputatı Anatoli Karpov söyləyib.

FIDE-nin rəhbəri vəzifəsinə Dvorkoviçdən başqa bu federasiyanın vitse-prezidenti Georgios Makropulos və britaniyalı qrossmeyster Naycel Şort da iddialıdır. FIDE-nin fəaliyyətdə olan prezidenti Kirsan İlyumjinov yeni müddətə öz namizədliyini irəli sürməyib və Dvorkoviçi dəstəklədiyini bildirib. FIDE rəhbərinin seçkisi oktyabrın 3-də Batumidə, bu təşkilatın konqresində keçiriləcək.

Karpov deyib: “Son 30 ildə biz idarəçilik böhranı içindəyik. Təəssüf ki, Kirsan Nikolayeviçin hakimiyyətdə olduğu dövrün ilk iki ilindən başqa qalan hissəsi heç nəyə yaramayan bir sistem qurulması ilə bağlı olub. Mən Dvorkoviçin qalib gəlməsini arzu edirəm və düşünürəm ki, əgər o, qalib gələrsə, biz bu sistemi dağıdarıq və şahmat aləmi daha sağlam olar”.

O, daha sonra deyib: “Bizim xoşbəxtliyimiz yalnız ondadır ki, bütün bu fokuslar (onları belə adlandıracağıq) peşəkar şahmata təsir etməyib, əks halda biz ümumiyyətlə məhv olardıq. Peşəkar şahmatçılar federasiyada baş verən bütün manevrlərdən kənarda qala biliblər. İndi ümid edək ki, sağlam düşüncə zəfər çalacaq. İslahatlar barədə yaxşı ideyalar var, əlbəttə, islahat keçirmək lazımdır”.

Şahmat üzrə on ikinci dünya çempionu sonda deyib: “Təşkilat genişlənib. Bu, ola bilsin ki, İlyumjinovun azsaylı xidmətlərindən biridir, lakin idarəçiliyi və qərarlar qəbul edilməsini başqa şəkildə qurmaq lazımdır. Ola bilsin, bəzi başqa federasiyaların təcrübəsini tətbiq etməyə dəyər. Hələ ötən əsrin 70-ci illərində, mən qrossmeyster olarkən hiddətlənirdim ki, peşəkar şahmatda, xüsusən dünya çempionunun müəyyən olunması sistemində qərar qəbul edilərkən peşəkar şahmatçılar kənarda qalırlar. Şahmatın gələcəyini dəyişən mühüm qərarlar çox vaxt sadə səsvermə yolu ilə qəbul edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.