REGİONLAR
Kartof əkinində qabaqcıl təcrübənin tətbiqi məhsuldarlığı artırır
Babək, 14 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Kartof əkinlərinə hazırlığın vəziyyəti və keyfiyyətli toxum tədarükü” mövzusunda seminar-müşavirədə rayonun bir qrup torpaq mülkiyyətçisinə və ailə təsərrüfatı başçılarına bu istiqamətdə qabaqcıl təcrübə barədə məlumat verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müşavirədə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov rayonda aqrar sahənin inkişaf etdirilməsi və bu sahəyə hərtərəfli dövlət dəstəyinin göstərilməsindən danışıb.
Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov “Kartof əkini üçün sahələrin hazırlanması” mövzusundakı çıxışında son illərdə bu sahənin inkişafında qazanılan uğurlu nəticələrdən söz açıb. Qeyd edib ki, kartof əkinlərindən daha çox gəlir götürmək üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof əkiləcək sahəyə sələf bitkiləri yığılan kimi hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahələr 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir. Ona görə də gübrələmə sisteminə əsas və əlavə, yəni yemləmə şəklində verilən gübrələr daxildir.
Nazirliyin əməkdaşı Əli Hüseynov keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanmasından danışaraq bildirib ki, yüksək məhsuldarlığın başlıca şərtlərindən biri əkin materialıdır. Əkin üçün istifadə olunacaq toxum standarta uyğun, sağlam cücərmə qabiliyyətinə malik və yüksək reproduksiyalı olmalıdır. Əkindən qabaq kartof yumrularının cücərdilməsi çox vacib aqrotexniki tədbirdir. Bu, onların torpaq səthinə tez çıxmasına şərait yaradır. Maşınla əkilən kartof toxumunun cücərdilməsi əl ilə əkiləndən fərqli olmalıdır. Belə ki, kartof toxumları 0,3-0,5 santimetrə qədər cücərdilərək əl ilə əkilə bilər. Ancaq maşınla əkiləcək toxumlar cücərtilər göründüyü andan əkinə başlanılmalıdır. Əkinə hazırlıq işlərinin son mərhələsi toxumun əkinqabağı dərmanlanmasıdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici informasiya vərəqələri paylanılıb.