ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının məqaləsi “Acta Chimica Slovenica” jurnalında dərc olunub
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının “Tartrat elektrolitindən molibdat ionlarının elektrokimyəvi reduksiya prosesinin tədqiqi” (Investigation of the Electrochemical Reduction Process of the Molybdate Ions in the Tartaric Electrolytes) sərlövhəli məqaləsi impakt faktoru 1.104 (CA) olan “Acta Chimica Slovenica” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təqdim olunan iş çaxır turşusu elektrolitindən molibdat ionlarının elektrokimyəvi reduksiya prosesinin tədqiqinə həsr edilib. Tsiklik və xətti polyarizasiya əyrilərinin çəkilməsi üsulu ilə elektroreduksiya prosesinin kinetika və mexanizmi tədqiq olunub. Elektroreduksiya prosesinə temperaturun, potensialın dəyişmə sürətinin və elektrolitdəki molibdat ionlarının qatılığının təsiri öyrənilib. Effektiv aktivləşmə enerjisinin hesablamaları göstərir ki, molibdat ionlarının elektrokimyəvi reduksiya prosesi qarışıq kinetika ilə müşayiət olunur.