DÜNYA
Kayseri vilayətində partlayış nəticəsində 13 əsgər ölüb, 48-i yaralanıb VİDEO [YENİLƏNİB]
Bakı, 17 dekabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada terror aktı nəticəsində 13 əsgərin həlak olduğu, 48-nin yaralandığı bildirilir. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.
Terror aktı nəticəsində dinc vətəndaşlar arasında da zərərçəkənlərin olduğu istisna edilmir.
Baş nazir Binəli Yıldırımın terror aktı ilə əlaqədar Kayseriyə səfəri gözlənilir.
11:28
Anadolu Agentliyinin son məlumatına görə, partlayış nəticəsində ölən və yaralananlar var.
Yaralılar dərhal Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər.
Kayseri valisi Süleyman Kamçı və vilayətin polis rəisi İbrahim Kulular hadisə yerinə gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.
Terror aktı bomba yüklənmiş avtomobilin içərisində hərbçilərin olduğu avtobusun yanında partladılması nəticəsində baş verib.
10:55
Türkiyənin Kayseri vilayətində, Erciyes Universitetinin yaxınlığında partlayış olub.
Türkiyə KİV-lərinin məlumatına görə, partlayış bomba yüklənmiş avtomobilin avtobusa çırpılması nəticəsində baş verib.
Hadisə yerinə çoxlu sayda polis, təcili tibbi yardım maşınları cəlb edilib.