İDMAN


Kazanda MDB ölkələri Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Rusiyanın Kazan şəhərində MDB ölkələri Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiyanın gənclər və idman nazirinin müavini Aleksey Morozovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov təmsil ediblər.

N.Novruzov tədbirdə çıxış edərək hazırda Azərbaycanda koronavirusla bağlı müəyyən məhdudiyyətlərin aradan qaldırıldığını və ölkəmizin tədbirlərin təşkilatçılığı ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. O, yeni nazir Fərid Qayıbovun fəaliyyətə başlamasından sonra MDB daxilində əməkdaşlıqla bağlı konkret məlumat verə biləcəklərini söyləyib.

Nazirliyin şöbə müdiri Azərbaycanda idmanın inkişafına və idman infrastrukturunun yaradılmasına böyük diqqətin yetirildiyini, ölkəmizdə mötəbər idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, Azərbaycanın ikinci MDB Oyunlarını da təşkil etməyə hazır olduğunu vurğulayıb.

Toplantıda hazırda davam edən birinci MDB Oyunlarına bütün ölkələrin qatıla bilməməsindən təəssüf hissi ifadə olunub. Bildirilib ki, Türkmənistan epidemioloji vəziyyətlə əlaqədar son anda Oyunlardan kənarda qalıb. Eyni zamanda, indiyədək MDB Oyunlarında koronavirusa yoluxma halının qeydə alınmadığı, amma ötən gün bəzi idmançıların zədələndikləri diqqətə çatdırılıb.

Qeyd edilib ki, gələn həftə məktəblilər, dekabrda isə ailələr arasında festivalın təşkil olunacaq. Həmin tədbirlərdə Azərbaycan iştirak etməyəcək.

Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliklərini irəli sürüb. Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarışın proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb. Digər iştirakçı ölkələrin nümayəndələri də MDB Oyunlarının üstünlüklərindən danışaraq, təkliflərini irəli sürüblər.

Daha sonra MDB-nin idman paytaxtının seçilməsi və 2022-ci ildən atletika üzrə sağlamlıq marafonunun keçirilməsinə dair qərarlar qəbul olunub. Növbəti Oyunları təşkil edəcək ölkə MDB İcraiyyə Komitəsi tərəfindən seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.