REGİONLAR
Keçən il Füzulidə ümumi məhsul buraxılışının həcmi 168,4 milyon manat olub
Füzuli, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
2018-ci ildə Füzuli rayonunda ümumi məhsul buraxılışının həcmi 168,4 milyon manat olub, 16,4 milyon manatlıq sənaye, 73,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 18,9 milyon manat investisiya qoyulub ki, onun da 13,5 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar 2018-ci ilin yekunları ilə bağlı Füzuli rayonunda keçirilən yığıncaqda səsləndirilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, sonra rayonda istehsal edilən məhsulların sərgisinə baxıb.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, hesabat ilində rayonda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər, tikinti-quruculuq işləri davam etdirilib. Horadiz şəhərində “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə abidə kompleksi və Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsi üçün inzibati binası inşa olunub. Hazırda Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində rayon mərkəzi xəstəxanasının, Arayatılı kəndində uşaq bağçasının, 8 nömrəli Qayıdış qəsəbəsində 365 yerlik tam orta məktəb binasının tikintisi aparılır.
Aqrar sahədə əldə olunan uğurlardan danışılarkən diqqətə çatdırılıb ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli taxılçıları ötən il 36 min 300 hektar sahədə taxıl becərib, 108 min 217 ton məhsul əldə edilib. Taxıl istehsalında rayonda yaradılan 4 iri taxılçılıq və bir toxumçuluq təsərrüfatının, həmçinin Aqroparkın rolu böyükdür.
Bildirilib ki, rayonda ənənəvi təsərrüfat sahələri olan pambıqçılıq və baramaçılıq inkişaf etdirilir. Rayon kümçüləri ötən il 37,5 tondan çox yaş barama istehsal edib. Bu göstərici ilə Füzuli rayonu respublikada ən çox barama istehsal edən rayonlar sırasındadır. Yaxın vaxtlarda rayonun Böyük Bəhmənli kəndinin ərazisində barama tədarükü məntəqəsinin tikintisinə başlanılması nəzərdə tutulur.
Hesabat ilində rayonda 2220 ton pambıq, 3991,3 ton tərəvəz, 2985 ton bostan, 1832,7 ton kartof, 1308,9 ton meyvə, 915 ton üzüm, 2776,8 ton ət, 27 min 738 ton süd, 250,7 ton yun istehsal olunub. Ötən il, həmçinin rayonda 223 hektar soya bitkisi, 431,3 hektar şəkər çuğunduru, 333 hektar qarğıdalı, 39 hektar günəbaxan əkilib, yüksək məhsuldarlıq əldə edilib. Rayonda əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına bir sıra məhsullar da çıxarılır.
Yığıncaqda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışıb, uğurlarla yanaşı, nöqsanlar də qeyd edib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyələr verilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək ötən il respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.