İQTİSADİYYAT


Keçən il “Şahdəniz”dən 11,5 milyard kubmetr təbii qaz çıxarılıb

Bakı, 13 fevral, AZƏRTAC

Ötən il “Şahdəniz” yatağından 11,5 milyard standart kubmetr təbii qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barrel) kondensat hasil olunub.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 48 milyon standart kubmetr və ya ildə təqribən 16 milyard kubmetrdir.

Keçən il, həmçinin “Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlaması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) işə düşdüyü vaxtdan 12 il sonra – 2018-ci il dekabrın sonlarında əldə edilib.

İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

2018-ci ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat və təxminən 1,44 milyard dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.