CƏMİYYƏT
Keçmiş “Mauthauzen” əsir düşərgəsində İkinci Dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsi yad edilmişdir VİDEO
Vyana, 11 may (AZƏRTAC). Mayın 11-də Avstriyanın Yuxarı Avstriya federal əyalətində yerləşən keçmiş “Mauthauzen” əsir düşərgəsində İkinci Dünya müharibəsinin başa çatmasının 69-cu ildönümü münasibətilə mərasim keçirilmişdir.
Qeyd edək ki, “Mauthauzen” İkinci Dünya müharibəsi zamanı ölkə ərazisində ən böyük əsir düşərgəsi olmuşdur.
Mərasimdə Avstriyanın federal kansleri Verner Faymann, parlamentin sədri Barbara Prammer, nazirlər, dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yerli və xarici qonaqlar, əsir düşərgələrində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlər iştirak etmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, səfirliyin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız mərasimlərdə iştirak etmiş, ümumi anım monumenti və azərbaycanlı əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuşlar.
“Həyatın dəyəri” şüarı ilə keçirilən builki mərasimdə vaxtilə Hitler Almaniyası ərazisindəki hərbi düşərgələrdə işgəncələrə məruz qalan bütün hərbi əsirlərlə yanaşı, bu gün dünyanın müxtəlif yerlərində müharibə və hərbi münaqişələrdən əziyyət çəkən insanlara da həsr olunmuşdur.
Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulmuşdur. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 nəfər azərbaycanlı əsir qətlə yetirilmişdir. Azərbaycan səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir olduğu müəyyən edilmişdir.
Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalmış, onların yarısı isə alman nasistləri tərəfindən məhv edilmişdir. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” olmuş, onlardan biri olan “Ebenzee”də 27 mindən artıq hərbi əsir yerləşdirilmişdir.
1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilən “Mauthauzen” əsir düşərgəsi 1947-ci ildən tarixi xatirə kompleksi kimi fəaliyyət göstərir. Burada hərbi əsirlərin saxlandığı baraklar, “xəstəxana”, həbsxana, qaz kameralar və krematoriya olduğu kimi saxlanılır və tarixin acı gerçəkliklərinin nümunəsi kimi qorunur.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana