MƏDƏNİYYƏT
“Keloğlan masalları müzikli-2” tamaşaçılarına möhtəşəm əyləncə yaşadıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə “Keloğlan masalları müzikli-2” silsiləsindən “Uzun-Huysuz kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim edilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan müzikl-tamaşa uşaqlar üçün nəzərdə tutulur.
İkihissəli səhnə əsəri mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və böyüklərə möhtəşəm əyləncə yaşadıb.
Əyləncəli interaktiv musiqili-tamaşanın süjet xətti belədir: Huysuz və Uzun kəndliləri meydana toplayaraq hamının gözü qarşısında günəşin işığını söndürür və dünyanın ən dəyərli kitabını özləri ilə başqa planetə aparırlar. Bunu görən Keloğlan və dostları Huysuzun sehrli gücə sahib olmasının başlarına böyük bəla gətirəcəyini düşünür və vəziyyətdən çıxış yolu axtarırlar.