İQTİSADİYYAT
Kəmalə Qurbanova: Azərbaycanın maliyyə və bank sektorunda yeni standartlar tətbiq ediləcək
Bakı, 16 may, Pərvanə Rəhimova, AZƏRTAC
Bizim növbəti məqsədimiz ISO 2002 standartlarının qəbul olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Maliyyə və Texnologiyalar Sammitində deyib.
K.Qurbanova bildirib ki, Mərkəzi Bank hələ bununla bağlı bank sektoru ilə işlərə başlamayıb: “Bu standartlar da artıq günün tələbidir. Həmin standartların əsas məqsədi maliyyə sektorunda mübadilə dilini standartlaşdırmaqdır. Yəni, rəqəmsal ödənişlərin inkişaf etdiyi bir mühitdə son istifadəçilər arasında tam ödəniş zəncirinin avtomatlaşdırılması, ödənişlərdə avtomatik emal əmsalının yüksək olması zəruri şərtdir. Həmin standartların ölkə miqyasında tətbiqi bu imkanı yaradacaq”.
Mərkəzi Bankın departament direktoru qeyd edib ki, hazırda bank bu standartları qəbul etmiş ölkələrin təcrübəsini öyrənir, beynəlxalq ekspertlərlə danışıqlar aparılır: “Yəqin ki, biz banklarla birgə bu standartlara keçid planını hazırlayacağıq. Bu standartlara keçid 1-2 ilin işi deyil, bu, bəlkə də 3-4 il çəkəcək layihədir. Ancaq ümid edirəm ki, biz maliyyə sektorunda bu layihəni də uğurla başa çatdıracağıq”.