REGİONLAR
Kənd təsərrüfatı naziri: 335 min tondan çox pambıq istehsal edilib
Bakı, 7 yanvar, AZƏRTAC
Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.