REGİONLAR
Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edib VİDEO
Şəmkir, 25 avqust, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 25-də Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.
H.Əsədov Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kənd təsərrüfatı naziri Şəmkir şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Şəmkir, Tovuz, Goranboy, Qazax, Samux, Gədəbəy, Gəncə, Yevlax rayonlarından olan 90 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 2 milyon 463 min 451 manat məbləğində 148 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 967 min 369 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 19 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilmiş və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
İndiyədək 7860 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19339 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 155 milyon 366 min 837 manat məbləğində güzəşt tətbiq edilib.
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması və traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi tədbirini bu gün Şəmkir rayonunda təşkil edib.
Bu məqsədlə Şəmkir, Qazax, Gədəbəy, Ağstafa və Tovuz rayonlarının mexanizatorları Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin İnzibati binasına dəvət ediliblər. Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.
Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilib. Ümumilikdə tədbir çərçivəsində 90 mexanizatorun vəsiqəsi dəyişdirilib.