REGİONLAR
Kənd təsərrüfatı naziri Şirvanda yeni kombaynlara baxış keçirmişdir
Şirvan, 8 Fevral (AZƏRTAC). Kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Aqrolizinq” ASC-lərə ayrılan maliyyə vəsaiti ilə alınan yeni taxılyığan kombaynların bir hissəsi ölkəyə gətirilmişdir.
AZƏRTAC xəbər verir ki, fevralın 8-də kənd təsərrüfatı naziri Heydər Əsədov Şirvan “Aqrolizinq” ASC-nin təchizat bazasına gətirilən yeni taxılyığan kombaynlara baxış keçirmişdir.
Bazaya gətirilmiş Finlandiya istehsalı olan “Sampo” markalı 106 yeni kombaynın qarşıdakı aylarda bölgədə fəaliyyət göstərən fermerlərə lizinq şərtləri ilə paylanması gözlənilir. Baxış zamanı nazir bəzi rayonlardan gəlmiş fermerlərə kombaynların sənədlərini təqdim etmişdir. Sonra fermerlərlə və texniki nəzarət müfəttişləri ilə səyyar müşavirə keçirilmişdir.
Heydər Əsədov daha sonra Şirvan baytarlıq və regional fitosanitar nəzarət xidmətinin inzibati binalarına da baxış keçirmişdir.
Gətirilmiş yeni kombaynların mühərrikləri digərlərindən fərqli olaraq 6 silindrdən ibarətdir ki, bu da texnikanın biçin prosesini sürətlə və keyfiyyətlə həyata keçirməsinə imkan verəcəkdir. Yaxın vaxtlarda isə kombaynların növbəti hissəsinin Şirvan “Aqrolizinq” təchizat bazasına gətirilməsi ilə onların ümumi sayı 150-yə çatdırılacaqdır.
Yay mövsümündə ölkə ərazisində taxıl yığımı zamanı yaranmış texniki çatışmazlığı nəzərə alan Prezident İlham Əliyev yeni kombaynların alınması məqsədi ilə prezidentin ehtiyat fondundan 15 milyon manat vəsait ayırmışdır.