İQTİSADİYYAT


Kənd təsərrüfatı nazirinin müavini: Rusiya bizim ənənəvi tərəfdaşımızdır

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi ilə Altay diyarı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini nəzərə çatdırıb.

İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının respublikamızda prioritet sahə elan olunduğunu bildirib. Həmçinin qonaqlara hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar - gübrələrin fermerlərə 70 faiz, damazlıq heyvanların 50 faiz, lizinq yolu ilə texnikaların 40 faiz güzəştlə satılması barədə də geniş məlumat verib.

“Biz qonşumuz olan Rusiya Federasiyası ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda daim maraqlıyıq. Rusiya bizim ənənəvi tərəfdaşımızdır. Altay diyarı ilə də aqrar sahədə əməkdaşlığa önəm veririk”, - deyə nazir müavini vurğulayıb.

Nazir müavini bildirib ki, Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti mövcuddur. Bu, Altay diyarının şirkətləri ilə Azərbaycanın şirkətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Öz növbəsində, Kənd Təsərrüfatı Nazirliyi də Rusiya Federasiyası ilə əməkdaşlığın genişlənməsinə daim dəstək verəcək.

Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov Azərbaycan ilə Altay diyarı arasında aqrar sahədə əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonda hər iki tərəfi maraqlandıran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.