REGİONLAR
Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,6 faiz artıb
Bakı, 10 yanvar, AZƏRTAC
Kənd təsərrüfatında 2016-cı il üçün bitkiçilik məhsullarının yığımı başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Ötən ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az) bostan məhsulları, 883,7 min ton (0,5 faiz az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4 faiz az) üzüm, 1015,7 ton (75,4 faiz çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7 faiz çox) şəkər çuğunduru, 17,1 min ton (9,3 faiz az) dən üçün günəbaxan, 3598,2 ton (3,8 faiz çox) tütün yarpağı yığılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 9-dək ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton).
Keçən il 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6 faiz çox diri çəkidə ət, 2009,9 min ton (4,4 faiz çox) süd, 1609,8 milyon ədəd (3,7 faiz çox) yumurta, 16,7 min ton (2,1 faiz az) yun istehsal olunub.
Kənd təsərrüfatının ümumi məhsulu 2015-ci illə müqayisədə 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artıb.