REGİONLAR
Kəngərli rayonunda növbəti əmək yarmarkasına 100-dən çox boş iş yeri çıxarılıb
Kəngərli, 19 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Kəngərli rayonunda növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əmək yarmarkasında rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Qeyd edilib ki, Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Rayon icra hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. Səkkizi özəl müəssisə, 8-i isə dövlət orqanı olmaqla, ümumilikdə, 16 qurumdan 104 boş iş yerinin çıxarıldığı yarmarkada 17 nəfərə işə göndəriş verilib.