SİYASƏT
Keniçiro Ueno: Yaponiya Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır
Tokio, 13 fevral, AZƏRTAC
Yaponiya Azərbaycan ilə münasibətlərin inkişafında və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə görüşdə Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü Kemişiro Ueno səsləndirib.
Parlamentdə hakim Liberal Demokratik Partiyanı təmsil edən K.Ueno 2015-ci ildən Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının üzvüdür. Həmin il o, Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat üzrə parlamentar nazir müavini qismində Azərbaycanda səfərdə olub.
Görüşə görə minnətdarlığını bildirən səfir G.İsmayılzadə Azərbaycanın hazırkı vəziyyəti, ölkədə COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Azərbaycan-Yaponiya münasibətlərinin inkişaf səviyyəsindən Azərbaycan tərəfinin məmnunluğunu ifadə edən diplomat, iki ölkə arasında iqtisadi cəhətdən çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu həmsöhbətinin diqqətinə çatdırıb.
K.Ueno verilən məlumata görə, təşəkkürünü bildirib, Yaponiyadakı vəziyyət, yeni koronavirusun ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər, “Tokio- 2020” Yay Olimpiya və Paralimpya Oyunlarının bu ilin yayında keçirilməsi ilə bağlı hazırlıq işləri haqqında məlumat verib. Ölkəmizə səfərini xatırladan K.Ueno Yaponiyanın Azərbaycan ilə münasibətlərin inkişafında və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Bu istiqamətdə lazımi dəstək verməyə hazır olduğunu bildirib.
Görüş zamanı G.İsmayılzadə Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanan bəyanat barədə də məlumat verib. Ermənistan tərəfindən Azərbaycanın 30 ilə yaxın dövrdə işğal olunmuş ərazilərinin qeyd olunan sənədə əsasən, ötən il dekabrın 1-dək azad edildiyini bildirib. Həmin ərazilərdən qovulmuş insanların tezliklə öz evlərinə qayıdacaqlarını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində Azərbaycan Vətən müharibəsində böyük Qələbə qazanıb.
Yaponiyanın atəşkəs barədə sənədin imzalanmasından məmnunluğunu bildirən K.Ueno ölkəsinin regionda sabitliyin bərqərar olmasını dəstəklədiyini qeyd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio